|

Ölümün rəngini tanıdım bu gecə. Tam çatacaqkən qaçdı ovuclarımdan. Tuta bilmədim. Baxdım ardınca. Gecə ki qaaranlığa bürünmüşdü, mən ki göz qapaqlarına çökən ağırlığı yorğunluq yox, kədər sandım. Ürək sancısını əza ağrısı yox, dərd sandım. Deməli hələ də heçnə düzəlməyəcək. Nəyinsə düzəlməsini istəyən varmı ki? Biz nə istəyirik? Niyə istəyirik? İstəklərlə yaşayırıq? – Yox. Deyəsən öz yox, başqalarının istəkləri ilə yaşayırıq. Özümüzü unutmuşuq. Hətta nəfəs alş-verişımızı də öz istəyimiz saymırıq. O qədər özümüzü unutmuşuq.
Bir şəhər var. İntihar şəhəri. Tanrının belə unutduğu yer. Gecələr uzun olur orada. Hər gecə bir nəfər intihar edir. Yüz minlik bir şəhərin neçə il dözəcək sağ qalmağa? Hansı gecə sənə də sıra gələcək? Bu gecə, bu gecə bir nəfər intihar edəcək. Min bir bəhanə uydurulacaq. Amma, amma heç kim bilməyəcək səbəbini. Heç Tanrı belə. Və bütün gecəyə sükut çökəcək o an. Bax, tam da bu 13 saniyədə olduğu kimi…
Arxa fonda havanın hərəkəti olacaq. Amma nə qədər sussan da, nə qədər səssizlik olsa da hardasa ürək döyünəcək. hardasa nəfəs alış-verişi olacaq. Bir uğultu, bir fısıltı ölümün səsi olacaq. Səs qəribə bir rəngdə olacaq. Tanrının səsindən də yoxsun. Və Tanrı, ölümün rəngi sənin rəngindən daha müqəddəsdir.
|